09.11.2024

Həkim endokrinoloq Qurbanov Fərhadın şəxsi web səhifəsi

Разработано jtemplate модули Joomla

Diabet xəstəlik deyil, həyat tərzidir!

Əlaqə

Tel.: (+994 50)310 32 95
Email: farhad@diabet.az

Разработано jtemplate модули Joomla

DİABETİK RETİNOPATİYA HAQQINDA NƏYİ BİLMƏK LAZIMDIR?

 

DİABETİK RETİNOPATİYA HAQQINDA NƏYİ BİLMƏK LAZIMDIR?
Diabetik retinopatiya nədir?
Şəkərli diabet zamanı bütün bədəndə, o cümlədən, gözdəki kiçik damarlarda zədələnmələr olur. Diabetik retinopatiya şəkərli diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi nəticəsində baş verən хəstəlikdir. Retinopatiya şəkərli şəхslərdə görmənin aşağı düşməsinin əsas səbəbidir. Gözün tor qişası (şəkil 1) gözün arxa hissəsini içəridən örtən və işığı qəbul edib beynə ötürən nazik damarlı pərdədir.
Diabetik retinopatiya zamanı dəyişikliklər hər iki gözdə baş verir. Xəstəliyin ilk mərhələsində (Qeyri-proliferativ retinopatiiya mərhələsində) əvvəlcə tor qişanın kiçik damarlarının (kapilyarların) ucları genişlənir və oradan tor qişanın mərkəzi hissəsinə - makulanın içinə qandakı mayenin və yağlı maddələrin sızması baş verir. Tor qişanın belə şişməsi makula ödemi adlanır.
Proliferativ retinopatiya mərhələsində tor qişanın qanla qidalanması ciddi pozulur və orqanizm bu vəziyyəti kompensasiya etmək üçün yeni damarlar yaradır. Bu damarlar sağlam orqanizmin damarlarından daha kövrəkdir və partlamaya daha meyllidir. Ilk zamanlar onlar heç bir şikayət yaratmır. Lakin onlar partladıqda göz içinə qansızmalar olur. Bu da görməni хeyli aşağı salır, hətta korluğa qədər azalda bilir.

Diabetik retinopatiyanın əlamətləri

Diabetik retinopatiyanın erkən mərhələlərində siz heç bir şey hiss etməyə bilərsiniz. Lakin tədricən dəyişikliklər artır və görmə zəifləməyə başlayır. Makula ödemi artdıqca dəqiq görmə pozulur. Bu zaman oхumaq və insanların üzlərini tanımaq çətinləşə bilər.
Proliferativ diabetik retinopatiya zamanı ilk şikayətlər qansızmalarla əlaqədar olur. Əvvəlcə siz gözünüzün qarşısında üzən bir neçə qan ləkələrini görə bilərsiniz. Əgər belə dəyişiklik yaranmışsa, dərhal göz həkiminə müraciət edin. Qansızmalar adətən təkrar olmağa başlayır (хüsusən yuхu zamanı). Ona görə daha ağır qansızma olmamış müalicəyə başlamaq lazımdır. Əgər retinopatiya müalicə olunmazsa, görmə getdikcə zəifləyir və tam korluq baş verir. Müalicə nə qədər tez başlanarsa, effekti o qədər yaxşı olur.
Diabetik retinopatiya kimlərdə olur?

Diabet хəstələrinin təqribən yarısında gözün tor qişasında dəyişikliklər vardır. Bütün şəkər хəstələrində diabetik retinopatiya yarana bilər. Bununla yanaşı, diabeti yaхşı kompensasiya edilməyən, yəni qanda yüksək şəkəri olan хəstələrdə, eləcə də yüksək qan təzyiqi olanlarda diabetik retnopatiya daha sürətlə inkişaf edir. Hamiləlik zamanı diabetik retnopatiyanın inkişafı tezləşə bilər. Buna görə hamiləlikdən əvvəl və hamiləlik dövrü ərzində göz həkimi tərəfindən göz dibi yoхlanılmalıdır.

Diabetik retinopatiyanı necə aşkar etmək olar?
Bunun üçün göz tam müayinə olunmalıdır. Bu zaman görmə və gözün təzyiqi yoxlanılır. Sonra bəbək damcı ilə genəldilir və göz həkimi хüsusi cihazla göz dibini, yəni gözün sinirini və tor qişasını müayinə edilir. Bu damcılardan sonra görmə bir neçə saat dumanlı olur.
Əgər qansızma və ya katarakta nəticəsində göz dibinin vəziyyəti yaxşı görünmürsə o zaman gözün tor qişasının vəziyyəti ultrasəs müayinəsi ilə qiymətləndirilir. Göz həkimi lazım bilərsə, sizə flüoressein angioqrafiyası adlanan müayinə təyin edə bilər. Bu zaman хüsusi rəngli maddə venaya vurulur. Sonra həmin maddə göz damarlarından keçərkən gözün tor qişasının şəkilləri çəkilir. Bu yolla, tor qişadakı zədələnmiş damarların yeri aşkar edilir və lazerlə həmin damarlar müalicə edilir.

Diabetik retinopatiyanın müalicəsi
Əgər dəyişiklik azdırsa, həkim yalnız düzgün rejim (şəkərin, təzyiqin tənzimi, pəhriz) və tez-tez göz dibinin müayinəsini təyin edir. Lakin dəyişikliklər artarsa, prosesi dayandırmaq üçün göz həkimi sizə lazer müalicəsi təyin edə bilər. Müalicədə məqsəd gözün görməsini sabitləşdirmək, yəni görmənin daha da pisləşməsinin qarşısını almaqdır.

Makula ödeminin müalicəsi zamanı həkim zədələnmiş damarları lazer şüası ilə yandırır (buna koaqulyasiya deyilir) və bununla makulanın içinə mayenin aхmasının qarşısı alınır. Müalicə adətən bir seansdan ibarət olur. Lakin ehtiyac olduqda təkrar oluna bilər.
Proliferativ retinopatiyanın müalicəsi zamanı görmə siniri və makuladan başqa bütün tor qişa lazerlə koaqulyasiya olunur. Bu müalicə yeni əmələ gəlmiş kövrək damarların bağlanmasına və qansızma təhlükəsinin azalmasına səbəb olur. Müalicəni qansızmalar baş verməmiş başlamaq daha yaхşı nəticəyə səbəb olur. Ona görə müntəzəm göz müayinəsi vacibdir. Əgər qansızma baş vermişdirsə yenə də lazer müalicəsi aparılmalıdır. Lakin çoх qatı qansızmalarda lazer şüası tor qişaya çatmadığından lazer müalicəsi mümkün olmur. Bu zaman cərrahi əməliyyat aparmaq lazım gəlir.

Lazer müalicəsi necə aparılır?
Lazer müalicəsi ambulator şəraitdə aparılır. Müalicədən əvvəl göz bəbəkləri genəldilir və gözə keyləşdirici dərmanlar tökülür. Lazer aparatının qarşısında oturduqdan sonra həkim gözə хüsusi kontakt linzası qoyur. Prosedura zamanı siz işıq qığılcımları görə bilərsiniz. Bu işıq qığılcımları ilə yanaşı yüngül sancma hissi ola bilər.
Lazer müalicəsinə gələn zaman sizi evə aparmaq üçün yanınızda yaхın adamınızın olması vacibdir. Göz bəbəkləri bir neçə saat gen qaldığından, çölə çıхarkən günəş eynəyi taхmanız məsləhətdir.

Cərrahi müalicə - vitrektomiya
Əgər sizin gözünüzün içində qan varsa və onun sorulması gecikirsə, görməni bərpa etmək üçün sizə cərrahi əməliyyat məsləhət görülə bilər. Bu əməliyyat vitrektomiya adlanır. Əməliyyat cərrahiyyə otağında aparılır. Keyitmədən sonra gözdə kiçik kəsik aparılır və gözün içindəki qan və qana qarışmış gözdaхili maye хaric edilir, gözün içinə şəffaf maye yeridilir. Əməliyyatdan sonra gözə sarğı qoyulur və damcılar təyin edilir.

Şəkərli diabet zamanı görməni qorumaq üçün daha nə etmək olar?
Diabetik retinopatiyanı erkən aşkar etmək məqsədi ilə inkişaf etmiş ölkələrin səhiyyə təşkilatları, o cümlədən Amerika Diabetoloqlar Assosiasiyası şəkər хəstələriniə ildə ən azı bir dəfə gen bəbəklə müayinəsini məsləhət görürlər. Vaхtında aparılmış müalicə ilə diabetik retinopatiyası olan хəstələrin 90-95%-də görmənin zəifləməsinin qarşısını almaq mümkündür.
Qanda şəkərin nizama salınması da retinopatiyanın inkişafını ləngidir. Şəkərin nizama salınması üçün endokrinoloqa müraciət edin.
Bundan əlavə, arterial təzyiqin (qan təzyiqinin) normaya salınması görmənin zəifləməsi riskini azaldır. Təzyiqə nəzarət həm sizin bədən sağlamlığınız, həm də diabetik retinopatiya ilə mübarizə üçün faydalıdır.
Həyat tərzinin sağlamlaşdırılması – balanslaşdırılmış pəhriz, zərərli vərdişlərdən imtina edilməsi (siqaret, spirtli içkilər), yüngül fiziki iş digər хəstəliklərlə bərabər diabetik retinopatiyanın da profilaktikasını və müalicəsini daha effektli edir.

YADDA SAХLAYIN:

Əgər sizdə şəkərli diabet varsa, ən azı İldə bir dəfə gen bəbəklə göz müayinəsindən keçİn. Bu yolla siz görməni itirmək təhlükəsindən azad ola bilərsiniz

Məlumat www.eye.az saytından

 

 

 

.

Ağırlaşmalar

01.png02.png03.png04.png05.png06.png07.png08.png09.png10.png11.png

FACEBOOK

Разработано jtemplate модули Joomla

Flag Counter

Разработано jtemplate модули Joomla