Diabet proqramı diabetlilərin problemlərini
həll edirmi?
Dünya SAKİT
Səhiyyə sahəsində bir sıra proqramların reallaşdırılmasına
başlanıb. Bunlar “Onkoloji xəstələrin şiş əleyhinə
əsas preparatlarla təmin edilməsi üzrə tədbirlər
proqramı” (2007-ci ildə icrasına 4 milyon 400
min manat ayrılıb); “Hemofiliya və talassemiya
irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı” (9
milyon 100 min manat); “Şəkərli diabet üzrə Dövlət
Proqramı” (2 milyon 777 min manat); “Qanın, qan
komponentlərinin donorluğu və qan xidmətinin inkişafına
dair Dövlət Proqramı” (700 min manat); “Xroniki
böyrək çatışmazlığı üzrə tədbirlər proqramı” (13
milyon manat); “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına
dair tədbirlər proqramı” (1 milyon 920 min manat);
“Ana və uşaqların sağlamlığının qorunması üzrə
Dövlət Proqramı” (4 milyon 843 min manat) və digər
bir neçə proqramlardır. Büdcə vəsaitlərinin səmərəli
xərclənməsi baxımından yüksək qiymətləndirilən
proqramlaşma yalnız səhiyyədə deyil, digər sahələrdə
də ən uğurlu praktikalardan biri sayılır. Yazımızda
yuxarıda qeyd edilən proqramlardan biri – “Şəkərli
diabet üzrə Dövlət Proqramı (2005-2009-cu illər)”nın
timsalında bu müasir praktikanın Azərbaycanda
necə reallaşdırılmasına aydınlıq gətirməyə çalışacağıq.
Onu da qeyd edək ki, “Ekspert” jurnalı Açıq Cəmiyyət
İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
adı çəkilən proqramın monitorinqini həyata keçirir.
Monitorinq çərçivəsində Səhiyyə Nazirliyinin proqramın
icrasına məsul şəxsləri, icraçı strukturlarının
nümayəndələri, həkim-diabetoloqlar, müstəqil mütəxəssislər,
diabetli xəstələr və onların problemləri ilə məşğul
olan QHT-lərin təmsilçiləri ilə görüşlər keçirilib,
onların firkirləri öyrənilib. Bu proses indi də
davam etdirilir. İndiyədək əldə etdiyimiz məlumatlar
çox maraqlı və bir sıra hallarda təəssüf doğuran
nəticələrə gəlməyə imkan verir.
Dünyada diabet yalnız tibbi deyil, həm də ağır
sosial-iqtisadi problem sayıldığı üçün bu xəstəliyə
düçar olan şəxslər bu və ya başqa səviyyədə dövlət
yardımı ilə əhatə olunurlar. Azərbaycanda Sovet
dövründə belə yardım mexanizmi işləsə də (diabet
xəstələrinə pulsuz insulin və həblərin verilməsi,
onların pulsuz müayinəsi və sair), 90-cı illərdə
bu mexanizm demək olar ki, bütünlüklə unudulub.
2003-ъц ил dekabrın 23-də Milli Məclis tərəfindən
“Шякярли диабет хястялийиня тутулмуш шяхсляря
дювлят гайьысы щаггында” qанунun гябул едилməsi
ilə yeni bir mexanizmin əsası qoyulub. 2004-cü
ilin 12 февралında qanunun tətbiqinə dair fərman
imzalayan dövlət başçısı həmin sənədlə Nazirlər
Kabinetinə 2 ay müddətində diabet xəstələrinə
qayğının mexanizmini əks etdirən proqram hazırlamağı
tapşırıb. Tapşırığın icrası Azərbaycanın baş endokrinoloqu
Rafiq Məmmədhəsənovun rəhbərliyi ilə yaradılan
işçi qrupuna həvalə edilib. Qrupun hazırladığı
proqram layihəsi bir sıra dəyişikliklərlə 2005-ci
ilin 7 iyununda Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
Proqram şəkərli diabetə tutulmuş insanlarla bağlı
məlumatları əks etdirən registrinn yaradılmasından
tutmuş, onların insulin, həblər və özününəzarət
vasitələri ilə dövlət hesabına təminatı, endokrinoloq-həkim
və orta tibb heyətinin bacarıqlarının artırılması,
orta məktəblərdə xəstə uşaqların təhsilinin təşkilinə
qədər çoxşaxəli istiqamətləri əhatə edir. 2006-cı
ildə onun icrasına 6 mliyon manat, bu il isə 12
milyon manat vəsait ayrılıb. Diabet xəstələrinin
illik artım tempi nəzərə alınaraq, proqramın icrasına
hər il əvvəlki illə müqayisədə 15 faiz artıq vəsaitin
yönəldilməsi qərara alınıb. Tibb mütəxəssislərinin
böyük əksəriyyəti proqramın kifayət qədər təkmil
sənəd olduğunu vurğulayırlar. Lakin təəssüf ki,
hələlik bu sənədin icra vəziyyəti onun nəticələri
ilə bağlı nikbinliyə əsas vermir.
İlk öncə ondan başlayaq ki, proqram 2005-2009-cu
illəri əhatə etsə də, onun icrasına 2007-ci ilin
yanvarından başlanıb. Rəsmilər bu ləngimənin səbəblərini
açıqlamasalar da, proqramın Nazirlər Kabineti
tərəfindən gec təsdiqlənməsi, eyni zamanda bundan
4 ay sonra Səhiyyə Nazirliyində baş verən proseslər
obyektiv amillər kimi qeyd oluna bilər. Lakin
dövlət büdcəsindən proqramın icrasına 6 milyon
manat ayrıldığı 2006-cı ildə xəstələrə pulsuz
insulin və həblərin verilməsi istisna olmaqla,
faktiki olaraq heç bir iş görülməyib. Araşdırmalar
göstərir ki, ötən il diabet xəstələrinin insulin
və həblərlə təchizatı Bakı şəhərində əvvəlki ilə
nisbətən yaxşılaşsa da, regionlarda bu proses
çox ciddi qüsurlarla həyata keçirilib. Belə ki,
diabet xəstələri üçün nəzərdə tutulan vəsaitlər
rayonlarda yerli səhiyyə, icra və maliyyə orqanlarının
çəkişmə obyektinə çevrildiyi üçün xəstələrin bir
çoxu onlara çatası insulin və həbləri ya ümumiyyətlə
ala bilməyiblər, ya da ilin sonlarında alıblar.
Səhiyyə Nazirliyində bunu ayrılan vəsaitlərin
pərakəndə qaydada yerli maliyyə orqanlarının vasitəsilə
bölüşdürülməsi ilə izah edirlər. Çox maraqlıdır
ki, rayonlarda diabet xəstələrinə sərf olunan
vəsaitlərin həcminə dair məlumatlar faktiki olaraq
gizlədilir. Bu il isə Bakı şəhəri üzrə ayrılan
vəsait hesabına xəstələrə insulin, həblər və özünənəzarət
vasitələrinin alınması üzrə tender keçirilib.
Bu iş Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat
Mərkəzi tərəfindən icra olunub. Mərkəzin sədr
müavini Rüstəm Rüstəmbəyovun verdiyi məlumata
görə, ilin birinci yarısı üçün tender aprel ayında
keçirilib.
Alınacaq preparatlar və özününəzarət vasitələrinin
həcmi yerli endokrinoloji xəstəxanalardan, şöbələrdən
toplanan məlumatlar əsasında baş endokrinoloq
tərəfindən müəyyənləşdirilib. Bakı şəhəri üzrə
xəstələrin adbaad siyahısı hazırlanıb. Proqram
üzrə ayrılan vəsaitlərin 30 faizi (2,6 milyon
manat onsulin və həblərə, 2,77 milyon manat özünənəzarət
vasitələri və avadanlıqlara (1 faizi şpris olmaqla))
Bakı şəhərində yaşayan xəstələrin, qalanı isə
rayonların təminatına sərf olunur. Tenderdə “Avromed”
şirkəti qalib gəlib. Şirkət insulini “Novo Nordiks”
firmasından alır. Alınan dərmanlar Bakı şəhərinin
11 rayonunda yaradılmış xüsusi apteklər vasitəsilə
paylanılır.
Səhiyyə Nazirliyində proqramın icrasına məsul
olan Səhiyyə Nazirliyi Tibbi xidmətin təşkili
şöbəsinin müdir müavini Dadaş Hümbətovun verdiyi
məlumata görə, proqramın icrasına ayrılan vəsaitlərin
44 faizi insulin, 33 faizi həblər (33 faiz), 1
faizi şpris və 22 faizi özünənəzarət vasitələrinin
alınmasına sərf olunur. Rayonlarda xəstələrə insulin
və həblər baş həkimlərin müəyyənləşdirdiyi tələbata
uyğun həcmdə verilir. Lazım olan insulin və həblərin
miqdarına uyğun pul yerli maliyyə şöbələri tərəfindən
müvafiq tenderi udan icraçı firmaya köçürülür.
Firma isə dərmanları xüsusi apteklərə çatdırır.
Həmin apteklərdən dərman və insulin nazirlik tərəfindən
təsdiqlənmiş və həkim-endokrinoloqların imzaladığı
xüsusi resept vasitəsilə xəstələrə verilir. Hər
xəstəyə tələbatından da 6-7 faiz artıq insulin
verilməsi nəzərdə tutulur. Qeyd edək ki, diabet
xəstələrinə verilməli olan insulin və həblərin
miqdarı Nazirlər Kabinetinin 2005-ci ildə tərtib
etdiyi normativlər əsasında hesablanır.
Dövlət proqramında nəzərdə tutulan ən mühüm tədbirlərdən
biri diabet xəstələrinə dair məlumatları əks etdirən
registrin yaradılmasıdır. 2007-ci ilə olan son
rəsmi məlumatda ölkədə 72 mindən bir qədər artıq
diabet xəstəsinin olduğu qeyd olunur. Lakin mütəxəssislər
bu statistikanın real vəziyyəti düzgün əks etdirmədiyini,
əslində Azərbaycanda diabetlilərin sayının 100
min nəfərdən yuxarı olduğunu bildirirlər. Bu mövqeyi
səhiyyə orqanları da qismən bölüşürlər. Bu baxımdan,
xəstələrin sayının dəqiqləşdirilməsinə böyük ehtiyac
var. Proqrama əsasən registri Səhiyyə Nazirliyi
və Dövlət Statistika Komitəsi birlikdə reallaşdırmalıdılar.
Nazirliyin Statistika İdarəsindən aldığımız məlumata
görə, bu işə cari ilin yanvarından başlanıb. İdarənin
hazırladığı mexanizm nazir tərəfindən təsdiqlənib,
Bakıda və regionlarda məlumatların registrə daxil
edilməsi qaydalarını öyrətmək üçün həkimlərə təlimlər
keçirilib. Məlumat bankına Azərbaycanda olan bütün
diabet xəstələri barədə ayrı-ayrılıqda tam ətraflı
məlumatlar əksini tapmalıdır: xəstənin adı-soyadından,
yaşından tutmuş, xəstəliyin tipinə, tarixinə,
fəsadlarına, qəbul etdiyi dərmanlara və dövlətdən
tələb olunan maliyyə vəsaitlərinin həcminə qədər.
Bu məlumatlar aylıq və rüblük olaraq yenilənəcək,
yəni xəstədə baş verən bütün dəyişikliklər orada
qeyd olunacaq. Məlumatlar hər rayonun həkim-endokrinoloqları
tərəfindən toplanacaq. Bunun üçün xüsusi kartlar
tərtib olunacaq. Həkimlər bütün xəstələri barədə
məlumatları kartlara yazacaqlar. Sonra isə həmin
kartlardakı məlumatlar xüsusi hazırlanmış komputer
proqramına yerləşdiriləcək. Həmin şəbəkə-proqrama
bütün endokrinoloji dispanserlərdən giriş imkanı
olacaq. Nazirlikdən registrin bu ilin ikinci yarısında
fəaliyyətə başlayacağı bildirilir.
Proqramın bir neçə bəndi xüsusi olaraq həkim-endokrinoloqların
və orta tibb heyətinin peşəkarlığının artırılmasına
həsr olunub. Həkim və orta tibb heyəti üçün müasir
diabetologiya üzrə 1 aylıq kursların və diabet
xəstələri üçün təlim məktəblərinin yaradılması
istiqamətində işlərə də bu ildən start verilib.
Mütəxəssislər hesab edirlər ki, diabet xəstəliyinin
müalicəsində xəstələrin özünənəzarəti son dərəcə
mühüm əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycanın
peşəkar həkim-endokrinoloqlarından biri olan Valeh
Mirzəyevin sözlərinə görə, özünənəzarət sayəsində
(ayaqlara qulluq qaydalarına riayət etməklə) diabet
xəstələri arasında xəstəliyin ən geniş yayılmış
fəsadlarından biri olan aşağı ətrafların amputasiyasını
70 faiz önləmək mümkündür. Səhiyyə Nazirliyindən
bildirildiyinə görə, bu ildən etibarən təlim məktəblərinin
fəaliyyətə başlamasına da nail olunacaq. Bunun
üçün əvvəlcə bölgələrdən olan 10-12 həkim Bakıda
təlimləndiriləcək, sonra onlar bölgələrdə analoji
təlimlər təşkil edəcəklər. Məktəblər Gəncə, Şəki,
Lənkəran, Mingəçevir, Sumqayıt, Bərdə və Naxçıvanda
yaradılacaq. Bu işə ümumi rəhbərliyi ölkənin baş
endokrinoloqu həyata keçirir. İcraçı isə Həkimləri
Təkmilləşdirmə İnstitutudur. Bakıda diabet məktəblərinin
Respublika Endokrinoloji Mərkəzi (REM), Bakı Endokrinoloji
Mərkəzi, Bakı Endokrinoloi Dispanserində, şəhər
poliklinikalarında, 4 saylı şəhər klinik xəstəxanasında,
6 saylı uşaq klinik xəstəxanasının endokrinoloji
şöbəsində, Mirqasımov adına Respublika Klinik
Xəstəxanasının endokrinologiya şöbəsində, həmçinin
Gəncə, Naxçıvan, Şəki və Mingəçevir endokrinoloji
dispanserlərində təşkil olunması planlaşdırılır.
Bundan əlavə, REM də bilavasitə bu işlə məşğul
olacaq. Qeyd edək ki, əvvəllər bu mərkəz rayonlarda
risk qrupuna daxil olan insanlar arasında kütləvi
müayinələr aparırdı. Hazırda maliyyə məhdudluğu
buna imkan vermir. Halbuki xəstəliyin vaxtında
aşkarlanması üçün belə müayinələrin aparılması
vacibdir.
Endokrinoloq-həkimlər hesab edirlər ki, diabet
xəstələrinə özünənəzarətin öyrədilməsində əsas
rol orta tibb işçilərinindir. Onların fikrincə,
həkim dərmanı və onun dozasını, qəbul etmə prosedurunu
təyin etməlidir. Orta tibb işçiləri isə artıq
xəstəyə şəkər artanda, azalanda necə davranmağı,
isti havada nə etməyi, soyuq havada nə etməyi,
ayaqlara necə qulluq etməyi, insulini harada saxlamağı,
hara vurmağı, hansı halda hansı dozada vurmağı,
özünənəzarət vasitələrindən necə istifadə etməyi
öyrətməlidir. Xəstələrin sayı çox, həkimlər isə
azdır. Məsələn, hər rayonda yalnız bir endokrinoloq-həkim
var. Bir nəfərin yüzə yaxın və daha çox insanı
həm müalicə etmək, həm də onlara müntəzəm olaraq
təlim keçmək demək olar ki, mümkün deyil.
Diabetlilərə özünənəzarətin öyrədilməsində daha
bir problem bu sahədə metodiki vəsaitlərin olmamasıdır.
Belə ki, indiyədək Azərbaycan Diabet Liqası və
bir neçə dərman firması diabet xəstələri üçün
məhdud sayda təlim vəsaitləri çap etdiriblər.
Bu iş proqramda da nəzərdə tutulub. Nazirlikdən
bildirildiyinə görə, mütəxəssislər qrupu artıq
həm xəstələr, həm də həkimlər üçün belə vəsaitlər
üzərində işləməyə başlayıb.
Proqramda nəzərdə tutulan bir sıra tədbirlər
var ki, onları Gənclər və İdman Nazirliyi (Gənclər
arasında şəkərli diabet xəstəliyinin profilaktikası
məqsədilə maarifləndirmə işinin təşkili, müxtəlif
çap məhsullarının hazırlanması, dəyirmi masaların,
konfransların, telemarafonların, mədəni-kütləvi
tədbirlərin keçirilməsi və bu tədbirlərdə gənclərin,
qeyri-hökumət təşkilatlarının iştirakının təmin
edilməsi; Uşaq və gənclərin yay istirahətini təmin
etmək üçün düşərgələrin təşkili, onların tibb
işçiləri və tibbi ləvazimatla təmin edilməsi)
və Təhsil Nazirliyi (Ümumtəhsil müəssisələrində
təhsil alan şəkərli diabetlə xəstə olan şəxslər
üçün xüsusi nəzarətin təşkili; Ümumtəhsil müəssisələrində
tibb işçiləri və müəllimlərlə seminar-məşğələlərinin
keçirilməsi, onların praktik və metodik vəsaitlərlə
təmin edilməsi) həyata keçirməli olsalar da, hələlik
bu sahədə ciddi bir yenilik baş verməyib. Yalnız
ayrı-ayrı QHT-lər müxtəlif xarici təşkilatların
yardımı ilə məhdud sayda diabetli uşaq və gənclər
üçün yay istirahət düşərgələri təşkil ediblər.
Dövlət proqramında şəkərli diabetlə xəstə olan
insanlar üçün pəhriz mağazalarının və qida məhsullarının
yerli istehsalının təşkili kimi mühüm məsələ də
əksini tapıb. Lakin indiki şəraitdə Səhiyyə Nazirliyi
bu işin öhdəsindən gəlmək imkanında deyil. Qurum
sadəcə, yerli icra strukturlarının köməyi ilə
rayonlarda sahibkarları pəhriz mağazalarının açılmasına
stimullaşdırmaq niyyətindədir. Qeyd edək ki, xarici
ölkələrdə xəstələrin öz qidalanmasına nəzarət
etmək imkanları daha genişdir. Çünki əksər ölkələrdə
bütün ərzaq məhsullarının üstünə diabet üçün əhəmiyyətli
olan bir məlumat - məhsulun tərkibində neçə çörək
vahidi insulinin olduğunu göstərən rəqəm qeyd
olunur. Xəstələr də öz səhhətlərinin imkan verdiyi
həcmdə ərzaqdan istifadə edə bilirlər. Bizdə,
təəssüf ki, ərzaq məhsullarının üstündə belə məlumat
göstərilmir. Digər tərəfdən, çoxlu sayda xəstələr
var ki, onların maddi imkanları məhdud olduğu
üçün zəruri ərzağı alıb qidalana bilmirlər və
bilavasitə dərmandan asılı vəziyyətdə olurlar.
Diabet proqramından bəhs edərkən son vaxtlar
Azərbaycan İnvestisiya Şirkətinin timsalında hökumətin
ölkədə insulin zavodu tikmək niyyətinə toxunmamaq
olmur. Belə ki, adıçəkilən şirkətin rəhbərliyi
zavodu əvvəlcə Danimarkanın “Novo Nordiks” firması
ilə birlikdə qurmaq istəsə də, dünyanın ən aparıcı
insulin istehsalçılarından olan bu firma layihənin
qeyri-səmərəliliyini əsas gətirərək təklifdən
imtina etdi. Buna görə də AİS ideyanı reallaşdırmaq
üçün adı açıqlanmayan İngiltərə şirkəti ilə işbirliyi
qurub. Şirkətin İdarə Heyətinin icraçı direktoru
A.Axundovun verdiyi məlumata görə, yaxın vaxtlarda
layihənin qiymətləndirilməsi başa çatacaq: “Dünyada
insulin substansiya (son məhsul üçün xammal) və
son məhsul formasında istehsal olunur. Substansiya
istehsalçılarının sayı çox məhduddur, çünki belə
müəssisələr sayı 50 milyon nəfərdən yuxarı olan
əhalinin tələbatına hesablanır. Bizim ideyamız
məhz son məhsul istehsalıdır. Bu zaman substansiyaların
dünyanın ən qabaqcıl istehsalçılarından alınması
planlaşdırılır. Bu məsələdə heç bir qənaət olmayacaq.”
Zavodun məhsullarının xaricdəki potensial satış
bazarı olaraq analoji müəssisələrin olmadığı Gürcüstan
və Qazaxıstan nəzərdə tutulur. Layihənin dəyəri
təxminən 15 mln. dollar civarında hesablanır.
İnsulinə olan tələbatın və onu ödəmək üçün dövlət
büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə artırılması
ideyanı cəlbedici etsə də, əksər mütəxəssislər
onu diabet xəstələri üçün zərərli sayırlar. Onlar
hesab edirlər ki, beynəlxalq standartlara uyğun,
məşhur firmalarla rəqabətə girə biləcək insulin
istehsal edəcək zavod 15 milyon dollardan qat-qat
yüksək məbləğə başa gələ bilər. Satış bazarının
məhdudluğu belə bahalı proyekti qeyri-rentabelli
edəcək. Qeyd edək ki, dünyada üç ən böyük insulin
istehsal edən firma var: Danimarkanın “Novo Nordiks”,
Almaniya-Fransanın “Sanafi Aventis” və Amerikanın
“Elay” firması. Bu firmaların məhsulları ən keyfiyyətli
və etibarlı hesab olunurlar. Azərbaycanda insulin
zavodunun onlardan hər hansı birinin iştirakı
olmadan qurulması, mütəxəssislərin fikrincə, bu
müəssisədəistehsal ediləcək məhsulun keyfiyyətini
bəribaşdan böyük şübhə altına alır. Gürcüstan
və ya Qazaxıstanın öz vətəndaşlarına keyfiyyətsiz
dərman satılmasına şərait yaradacaqlarının gözlənilən
olmadığını nəzərə alsaq, onda bu ideyadan bilavasitə
Azərbaycan diabetiklərinin zərər çəkəcəklərini
söyləmək olar.
http://www.ekspert.az/
Geriyə