DİABET PROQRAMI DİABETLİLƏRİN PROBLEMLƏRİNİ HƏLL EDİRMİ?

Просмотров: 3959

imagesSəhiyyə sahəsində bir sıra proqramların reallaşdırılmasına başlanıb. Bunlar “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təmin edilməsi üzrə tədbirlər proqramı” (2007-ci ildə icrasına 4 milyon 400 min manat ayrılıb); “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı” (9 milyon 100 min manat); “Şəkərli diabet üzrə Dövlət Proqramı” (2 milyon 777 min manat); “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” (700 min manat); “Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramı” (13 milyon manat); “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramı” (1 milyon 920 min manat); “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” (4 milyon 843 min manat) və digər bir neçə proqramlardır. Büdcə vəsaitlərinin səmərəli xərclənməsi baxımından yüksək qiymətləndirilən proqramlaşma yalnız səhiyyədə deyil, digər sahələrdə də ən uğurlu praktikalardan biri sayılır. Yazımızda yuxarıda qeyd edilən proqramlardan biri – “Şəkərli diabet üzrə Dövlət Proqramı (2005-2009-cu illər)”nın timsalında bu müasir praktikanın Azərbaycanda necə reallaşdırılmasına aydınlıq gətirməyə çalışacağıq.

Onu da qeyd edək ki, “Ekspert” jurnalı Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə adı çəkilən proqramın monitorinqini həyata keçirir. Monitorinq çərçivəsində Səhiyyə Nazirliyinin proqramın icrasına məsul şəxsləri, icraçı strukturlarının nümayəndələri, həkim-diabetoloqlar, müstəqil mütəxəssislər, diabetli xəstələr və onların problemləri ilə məşğul olan QHT-lərin təmsilçiləri ilə görüşlər keçirilib, onların firkirləri öyrənilib. Bu proses indi də davam etdirilir. İndiyədək əldə etdiyimiz məlumatlar çox maraqlı və bir sıra hallarda təəssüf doğuran nəticələrə gəlməyə imkan verir.
Dünyada diabet yalnız tibbi deyil, həm də ağır sosial-iqtisadi problem sayıldığı üçün bu xəstəliyə düçar olan şəxslər bu və ya başqa səviyyədə dövlət yardımı ilə əhatə olunurlar. Azərbaycanda Sovet dövründə belə yardım mexanizmi işləsə də (diabet xəstələrinə pulsuz insulin və həblərin verilməsi, onların pulsuz müayinəsi və sair), 90-cı illərdə bu mexanizm demək olar ki, bütünlüklə unudulub. 2003-ъц ил dekabrın 23-də Milli Məclis tərəfindən “Шякярли диабет хястялийиня тутулмуш шяхсляря дювлят гайьысы щаггында” qанунun гябул едилməsi ilə yeni bir mexanizmin əsası qoyulub. 2004-cü ilin 12 февралında qanunun tətbiqinə dair fərman imzalayan dövlət başçısı həmin sənədlə Nazirlər Kabinetinə 2 ay müddətində diabet xəstələrinə qayğının mexanizmini əks etdirən proqram hazırlamağı tapşırıb. Tapşırığın icrası Azərbaycanın baş endokrinoloqu Rafiq Məmmədhəsənovun rəhbərliyi ilə yaradılan işçi qrupuna həvalə edilib. Qrupun hazırladığı proqram layihəsi bir sıra dəyişikliklərlə 2005-ci ilin 7 iyununda Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Proqram şəkərli diabetə tutulmuş insanlarla bağlı məlumatları əks etdirən registrinn yaradılmasından tutmuş, onların insulin, həblər və özününəzarət vasitələri ilə dövlət hesabına təminatı, endokrinoloq-həkim və orta tibb heyətinin bacarıqlarının artırılması, orta məktəblərdə xəstə uşaqların təhsilinin təşkilinə qədər çoxşaxəli istiqamətləri əhatə edir. 2006-cı ildə onun icrasına 6 mliyon manat, bu il isə 12 milyon manat vəsait ayrılıb. Diabet xəstələrinin illik artım tempi nəzərə alınaraq, proqramın icrasına hər il əvvəlki illə müqayisədə 15 faiz artıq vəsaitin yönəldilməsi qərara alınıb. Tibb mütəxəssislərinin böyük əksəriyyəti proqramın kifayət qədər təkmil sənəd olduğunu vurğulayırlar. Lakin təəssüf ki, hələlik bu sənədin icra vəziyyəti onun nəticələri ilə bağlı nikbinliyə əsas vermir.
İlk öncə ondan başlayaq ki, proqram 2005-2009-cu illəri əhatə etsə də, onun icrasına 2007-ci ilin yanvarından başlanıb. Rəsmilər bu ləngimənin səbəblərini açıqlamasalar da, proqramın Nazirlər Kabineti tərəfindən gec təsdiqlənməsi, eyni zamanda bundan 4 ay sonra Səhiyyə Nazirliyində baş verən proseslər obyektiv amillər kimi qeyd oluna bilər. Lakin dövlət büdcəsindən proqramın icrasına 6 milyon manat ayrıldığı 2006-cı ildə xəstələrə pulsuz insulin və həblərin verilməsi istisna olmaqla, faktiki olaraq heç bir iş görülməyib. Araşdırmalar göstərir ki, ötən il diabet xəstələrinin insulin və həblərlə təchizatı Bakı şəhərində əvvəlki ilə nisbətən yaxşılaşsa da, regionlarda bu proses çox ciddi qüsurlarla həyata keçirilib. Belə ki, diabet xəstələri üçün nəzərdə tutulan vəsaitlər rayonlarda yerli səhiyyə, icra və maliyyə orqanlarının çəkişmə obyektinə çevrildiyi üçün xəstələrin bir çoxu onlara çatası insulin və həbləri ya ümumiyyətlə ala bilməyiblər, ya da ilin sonlarında alıblar. Səhiyyə Nazirliyində bunu ayrılan vəsaitlərin pərakəndə qaydada yerli maliyyə orqanlarının vasitəsilə bölüşdürülməsi ilə izah edirlər. Çox maraqlıdır ki, rayonlarda diabet xəstələrinə sərf olunan vəsaitlərin həcminə dair məlumatlar faktiki olaraq gizlədilir. Bu il isə Bakı şəhəri üzrə ayrılan vəsait hesabına xəstələrə insulin, həblər və özünənəzarət vasitələrinin alınması üzrə tender keçirilib. Bu iş Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən icra olunub. Mərkəzin sədr müavini Rüstəm Rüstəmbəyovun verdiyi məlumata görə, ilin birinci yarısı üçün tender aprel ayında keçirilib.
Alınacaq preparatlar və özününəzarət vasitələrinin həcmi yerli endokrinoloji xəstəxanalardan, şöbələrdən toplanan məlumatlar əsasında baş endokrinoloq tərəfindən müəyyənləşdirilib. Bakı şəhəri üzrə xəstələrin adbaad siyahısı hazırlanıb. Proqram üzrə ayrılan vəsaitlərin 30 faizi (2,6 milyon manat onsulin və həblərə, 2,77 milyon manat özünənəzarət vasitələri və avadanlıqlara (1 faizi şpris olmaqla)) Bakı şəhərində yaşayan xəstələrin, qalanı isə rayonların təminatına sərf olunur. Tenderdə “Avromed” şirkəti qalib gəlib. Şirkət insulini “Novo Nordiks” firmasından alır. Alınan dərmanlar Bakı şəhərinin 11 rayonunda yaradılmış xüsusi apteklər vasitəsilə paylanılır.

Səhiyyə Nazirliyində proqramın icrasına məsul olan Səhiyyə Nazirliyi Tibbi xidmətin təşkili şöbəsinin müdir müavini Dadaş Hümbətovun verdiyi məlumata görə, proqramın icrasına ayrılan vəsaitlərin 44 faizi insulin, 33 faizi həblər (33 faiz), 1 faizi şpris və 22 faizi özünənəzarət vasitələrinin alınmasına sərf olunur. Rayonlarda xəstələrə insulin və həblər baş həkimlərin müəyyənləşdirdiyi tələbata uyğun həcmdə verilir. Lazım olan insulin və həblərin miqdarına uyğun pul yerli maliyyə şöbələri tərəfindən müvafiq tenderi udan icraçı firmaya köçürülür. Firma isə dərmanları xüsusi apteklərə çatdırır. Həmin apteklərdən dərman və insulin nazirlik tərəfindən təsdiqlənmiş və həkim-endokrinoloqların imzaladığı xüsusi resept vasitəsilə xəstələrə verilir. Hər xəstəyə tələbatından da 6-7 faiz artıq insulin verilməsi nəzərdə tutulur. Qeyd edək ki, diabet xəstələrinə verilməli olan insulin və həblərin miqdarı Nazirlər Kabinetinin 2005-ci ildə tərtib etdiyi normativlər əsasında hesablanır.

Dövlət proqramında nəzərdə tutulan ən mühüm tədbirlərdən biri diabet xəstələrinə dair məlumatları əks etdirən registrin yaradılmasıdır. 2007-ci ilə olan son rəsmi məlumatda ölkədə 72 mindən bir qədər artıq diabet xəstəsinin olduğu qeyd olunur. Lakin mütəxəssislər bu statistikanın real vəziyyəti düzgün əks etdirmədiyini, əslində Azərbaycanda diabetlilərin sayının 100 min nəfərdən yuxarı olduğunu bildirirlər. Bu mövqeyi səhiyyə orqanları da qismən bölüşürlər. Bu baxımdan, xəstələrin sayının dəqiqləşdirilməsinə böyük ehtiyac var. Proqrama əsasən registri Səhiyyə Nazirliyi və Dövlət Statistika Komitəsi birlikdə reallaşdırmalıdılar. Nazirliyin Statistika İdarəsindən aldığımız məlumata görə, bu işə cari ilin yanvarından başlanıb. İdarənin hazırladığı mexanizm nazir tərəfindən təsdiqlənib, Bakıda və regionlarda məlumatların registrə daxil edilməsi qaydalarını öyrətmək üçün həkimlərə təlimlər keçirilib. Məlumat bankına Azərbaycanda olan bütün diabet xəstələri barədə ayrı-ayrılıqda tam ətraflı məlumatlar əksini tapmalıdır: xəstənin adı-soyadından, yaşından tutmuş, xəstəliyin tipinə, tarixinə, fəsadlarına, qəbul etdiyi dərmanlara və dövlətdən tələb olunan maliyyə vəsaitlərinin həcminə qədər. Bu məlumatlar aylıq və rüblük olaraq yenilənəcək, yəni xəstədə baş verən bütün dəyişikliklər orada qeyd olunacaq. Məlumatlar hər rayonun həkim-endokrinoloqları tərəfindən toplanacaq. Bunun üçün xüsusi kartlar tərtib olunacaq. Həkimlər bütün xəstələri barədə məlumatları kartlara yazacaqlar. Sonra isə həmin kartlardakı məlumatlar xüsusi hazırlanmış komputer proqramına yerləşdiriləcək. Həmin şəbəkə-proqrama bütün endokrinoloji dispanserlərdən giriş imkanı olacaq. Nazirlikdən registrin bu ilin ikinci yarısında fəaliyyətə başlayacağı bildirilir.

Proqramın bir neçə bəndi xüsusi olaraq həkim-endokrinoloqların və orta tibb heyətinin peşəkarlığının artırılmasına həsr olunub. Həkim və orta tibb heyəti üçün müasir diabetologiya üzrə 1 aylıq kursların və diabet xəstələri üçün təlim məktəblərinin yaradılması istiqamətində işlərə də bu ildən start verilib. Mütəxəssislər hesab edirlər ki, diabet xəstəliyinin müalicəsində xəstələrin özünənəzarəti son dərəcə mühüm əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycanın peşəkar həkim-endokrinoloqlarından biri olan Valeh Mirzəyevin sözlərinə görə, özünənəzarət sayəsində (ayaqlara qulluq qaydalarına riayət etməklə) diabet xəstələri arasında xəstəliyin ən geniş yayılmış fəsadlarından biri olan aşağı ətrafların amputasiyasını 70 faiz önləmək mümkündür. Səhiyyə Nazirliyindən bildirildiyinə görə, bu ildən etibarən təlim məktəblərinin fəaliyyətə başlamasına da nail olunacaq. Bunun üçün əvvəlcə bölgələrdən olan 10-12 həkim Bakıda təlimləndiriləcək, sonra onlar bölgələrdə analoji təlimlər təşkil edəcəklər. Məktəblər Gəncə, Şəki, Lənkəran, Mingəçevir, Sumqayıt, Bərdə və Naxçıvanda yaradılacaq. Bu işə ümumi rəhbərliyi ölkənin baş endokrinoloqu həyata keçirir. İcraçı isə Həkimləri Təkmilləşdirmə İnstitutudur. Bakıda diabet məktəblərinin Respublika Endokrinoloji Mərkəzi (REM), Bakı Endokrinoloji Mərkəzi, Bakı Endokrinoloi Dispanserində, şəhər poliklinikalarında, 4 saylı şəhər klinik xəstəxanasında, 6 saylı uşaq klinik xəstəxanasının endokrinoloji şöbəsində, Mirqasımov adına Respublika Klinik Xəstəxanasının endokrinologiya şöbəsində, həmçinin Gəncə, Naxçıvan, Şəki və Mingəçevir endokrinoloji dispanserlərində təşkil olunması planlaşdırılır. Bundan əlavə, REM də bilavasitə bu işlə məşğul olacaq. Qeyd edək ki, əvvəllər bu mərkəz rayonlarda risk qrupuna daxil olan insanlar arasında kütləvi müayinələr aparırdı. Hazırda maliyyə məhdudluğu buna imkan vermir. Halbuki xəstəliyin vaxtında aşkarlanması üçün belə müayinələrin aparılması vacibdir.

Endokrinoloq-həkimlər hesab edirlər ki, diabet xəstələrinə özünənəzarətin öyrədilməsində əsas rol orta tibb işçilərinindir. Onların fikrincə, həkim dərmanı və onun dozasını, qəbul etmə prosedurunu təyin etməlidir. Orta tibb işçiləri isə artıq xəstəyə şəkər artanda, azalanda necə davranmağı, isti havada nə etməyi, soyuq havada nə etməyi, ayaqlara necə qulluq etməyi, insulini harada saxlamağı, hara vurmağı, hansı halda hansı dozada vurmağı, özünənəzarət vasitələrindən necə istifadə etməyi öyrətməlidir. Xəstələrin sayı çox, həkimlər isə azdır. Məsələn, hər rayonda yalnız bir endokrinoloq-həkim var. Bir nəfərin yüzə yaxın və daha çox insanı həm müalicə etmək, həm də onlara müntəzəm olaraq təlim keçmək demək olar ki, mümkün deyil.

Diabetlilərə özünənəzarətin öyrədilməsində daha bir problem bu sahədə metodiki vəsaitlərin olmamasıdır. Belə ki, indiyədək Azərbaycan Diabet Liqası və bir neçə dərman firması diabet xəstələri üçün məhdud sayda təlim vəsaitləri çap etdiriblər. Bu iş proqramda da nəzərdə tutulub. Nazirlikdən bildirildiyinə görə, mütəxəssislər qrupu artıq həm xəstələr, həm də həkimlər üçün belə vəsaitlər üzərində işləməyə başlayıb.

Proqramda nəzərdə tutulan bir sıra tədbirlər var ki, onları Gənclər və İdman Nazirliyi (Gənclər arasında şəkərli diabet xəstəliyinin profilaktikası məqsədilə maarifləndirmə işinin təşkili, müxtəlif çap məhsullarının hazırlanması, dəyirmi masaların, konfransların, telemarafonların, mədəni-kütləvi tədbirlərin keçirilməsi və bu tədbirlərdə gənclərin, qeyri-hökumət təşkilatlarının iştirakının təmin edilməsi; Uşaq və gənclərin yay istirahətini təmin etmək üçün düşərgələrin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatla təmin edilməsi) və Təhsil Nazirliyi (Ümumtəhsil müəssisələrində təhsil alan şəkərli diabetlə xəstə olan şəxslər üçün xüsusi nəzarətin təşkili; Ümumtəhsil müəssisələrində tibb işçiləri və müəllimlərlə seminar-məşğələlərinin keçirilməsi, onların praktik və metodik vəsaitlərlə təmin edilməsi) həyata keçirməli olsalar da, hələlik bu sahədə ciddi bir yenilik baş verməyib. Yalnız ayrı-ayrı QHT-lər müxtəlif xarici təşkilatların yardımı ilə məhdud sayda diabetli uşaq və gənclər üçün yay istirahət düşərgələri təşkil ediblər. Dövlət proqramında şəkərli diabetlə xəstə olan insanlar üçün pəhriz mağazalarının və qida məhsullarının yerli istehsalının təşkili kimi mühüm məsələ də əksini tapıb. Lakin indiki şəraitdə Səhiyyə Nazirliyi bu işin öhdəsindən gəlmək imkanında deyil. Qurum sadəcə, yerli icra strukturlarının köməyi ilə rayonlarda sahibkarları pəhriz mağazalarının açılmasına stimullaşdırmaq niyyətindədir. Qeyd edək ki, xarici ölkələrdə xəstələrin öz qidalanmasına nəzarət etmək imkanları daha genişdir. Çünki əksər ölkələrdə bütün ərzaq məhsullarının üstünə diabet üçün əhəmiyyətli olan bir məlumat - məhsulun tərkibində neçə çörək vahidi insulinin olduğunu göstərən rəqəm qeyd olunur. Xəstələr də öz səhhətlərinin imkan verdiyi həcmdə ərzaqdan istifadə edə bilirlər. Bizdə, təəssüf ki, ərzaq məhsullarının üstündə belə məlumat göstərilmir. Digər tərəfdən, çoxlu sayda xəstələr var ki, onların maddi imkanları məhdud olduğu üçün zəruri ərzağı alıb qidalana bilmirlər və bilavasitə dərmandan asılı vəziyyətdə olurlar.

Diabet proqramından bəhs edərkən son vaxtlar Azərbaycan İnvestisiya Şirkətinin timsalında hökumətin ölkədə insulin zavodu tikmək niyyətinə toxunmamaq olmur. Belə ki, adıçəkilən şirkətin rəhbərliyi zavodu əvvəlcə Danimarkanın “Novo Nordiks” firması ilə birlikdə qurmaq istəsə də, dünyanın ən aparıcı insulin istehsalçılarından olan bu firma layihənin qeyri-səmərəliliyini əsas gətirərək təklifdən imtina etdi. Buna görə də AİS ideyanı reallaşdırmaq üçün adı açıqlanmayan İngiltərə şirkəti ilə işbirliyi qurub. Şirkətin İdarə Heyətinin icraçı direktoru A.Axundovun verdiyi məlumata görə, yaxın vaxtlarda layihənin qiymətləndirilməsi başa çatacaq: “Dünyada insulin substansiya (son məhsul üçün xammal) və son məhsul formasında istehsal olunur. Substansiya istehsalçılarının sayı çox məhduddur, çünki belə müəssisələr sayı 50 milyon nəfərdən yuxarı olan əhalinin tələbatına hesablanır. Bizim ideyamız məhz son məhsul istehsalıdır. Bu zaman substansiyaların dünyanın ən qabaqcıl istehsalçılarından alınması planlaşdırılır. Bu məsələdə heç bir qənaət olmayacaq.”

Zavodun məhsullarının xaricdəki potensial satış bazarı olaraq analoji müəssisələrin olmadığı Gürcüstan və Qazaxıstan nəzərdə tutulur. Layihənin dəyəri təxminən 15 mln. dollar civarında hesablanır. İnsulinə olan tələbatın və onu ödəmək üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə artırılması ideyanı cəlbedici etsə də, əksər mütəxəssislər onu diabet xəstələri üçün zərərli sayırlar. Onlar hesab edirlər ki, beynəlxalq standartlara uyğun, məşhur firmalarla rəqabətə girə biləcək insulin istehsal edəcək zavod 15 milyon dollardan qat-qat yüksək məbləğə başa gələ bilər. Satış bazarının məhdudluğu belə bahalı proyekti qeyri-rentabelli edəcək. Qeyd edək ki, dünyada üç ən böyük insulin istehsal edən firma var: Danimarkanın “Novo Nordiks”, Almaniya-Fransanın “Sanafi Aventis” və Amerikanın “Elay” firması. Bu firmaların məhsulları ən keyfiyyətli və etibarlı hesab olunurlar. Azərbaycanda insulin zavodunun onlardan hər hansı birinin iştirakı olmadan qurulması, mütəxəssislərin fikrincə, bu müəssisədəistehsal ediləcək məhsulun keyfiyyətini bəribaşdan böyük şübhə altına alır. Gürcüstan və ya Qazaxıstanın öz vətəndaşlarına keyfiyyətsiz dərman satılmasına şərait yaradacaqlarının gözlənilən olmadığını nəzərə alsaq, onda bu ideyadan bilavasitə Azərbaycan diabetiklərinin zərər çəkəcəklərini söyləmək olar.

 

 Dünya SAKİT

http://www.ekspert.az/